Codecourse

Giriş

Redaktə edilib:

HTML hipermətn nişanlam dilindən istifadə edərək veb səhifə yaratmısınız və CSS vasitəsilə onun tərtibatını daha da yaxşılaşdırmısınız. Ancaq belə veb səhifə statikdir, istifadəçi ilə qarşılıqlı əlaqə yaratmaq olmur. Məsələn, siz istifadəçilərin veb səhifə barədə fikirlərini öyrənmək istəyirsiniz. Bundan ötrü istifadəçilərə öz məlumatlarını veb formalara daxil etmək imkanı yaratmalısınız. Bu məsələdə sizə PHP proqramlaşdırma dili kömək edə bilər.

HTML statikdir

Artıq bildiyimiz kimi, HTML dili veb səhifələrin yaradılmasında istifadə edilir. O, dinamik yox, statikdir, yəni bu hipermətn nişanlama dilinin köməkliyi ilə yaradılmış veb səhifədəki informasiyanı dinamik dəyişmək mümkün deyil (Statik HTML səhifələrinin kontenti yalnız onları redaktə edib yenidən veb serverə yüklədikdə dəyişilir).

Kompüter arxasında əyləşib brauzerin pəncərəsində veb səhifə açarkən siz internet vasitəsilə kompüterlər arasında dialoq yaratmış olursunuz. İlk olaraq HTML vasitəsilə yaradılmış veb səhifə ilə bağlı belə dialoqu nəzərdən keçirək:

1. Brauzerin veb ünvan sətrində www.example.com/catalog.html daxil edirsiniz.

2. Brauzer internet vasitəsilə www.example.com ünvanındakı kompüterə /catalog.html veb səhifəsi ilə bağlı sorğu göndərir.

3. www.example.com ünvanındakı kompüterdə işə salınmış Apache veb serveri sorğunu qəbul edir və sərt diskdən catalog.html faylını oxuyur.

4. Veb server faylın kontentini internet vasitəsilə brauzerin sorğusuna cavab olaraq kompüterinizə göndərir.

5. Brauzer istədiyiniz veb səhifəni kompüterinizin ekranında göstərir.

kliyent və server dialoqu

Brauzer hər dəfə http://www.example.com/catalog.html ünvanındakı səhifə üçün sorğu göndərdikdə veb server eyni catalog.html faylının kontentini geri göndərir. Yalnız kimsə həmin faylı serverdə redaktə etdiyi halda veb serverin göndərilən sorğuya cavabı dəyişə bilər.

PHP veb səhifələri "canlandırır"

PHP (PHP: Hypertext Preprocessor) proqramlaşdırma dili ilk növbədə veb saytların hazırlanması üçün nəzərdə tutulub. PHP serverdəki veb səhifənin kontentini brauzerə göndərməzdən əvvəl ona dəyişiklik etməyə imkan verir.

PHP-nin iştirakı ilə kliyent və server arasındakı dialoqu nəzərdən keçirək:

1. Brauzerin veb ünvan sətrində www.example.com/catalog/yak.php daxil edirsiniz.

2. Brauzer internet vasitəsilə www.example.com ünvanındakı kompüterə /catalog/yak.php veb səhifəsi ilə bağlı sorğu göndərir.

3. www.example.com ünvanındakı kompüterdə işə salınmış Apache veb serveri sorğunu qəbul edir və həmçinin www.example.com ünvanındakı kompüterdə işləyən PHP interpretatoruna belə sualla müraciət edir: "catalog/yak.php səhifəsi necə görsənir?"

4. PHP interpretatoru yak.php faylını sərt diskdən oxuyur.

5. PHP interpretatoru yak.php faylındakı instruksiyaları icra edir (ola bilsin verilənlər bazası, məsələn MySQL ilə məlumat mübadiləsi edir).

6. PHP interpretatoru yak.php faylından icra nəticəsini qəbul edir və onu Apache veb serverinə göndərir.

7. Apache veb serveri veb səhifənin kontentini internet vasitəsilə brauzerin sorğusuna cavab olaraq kompüterinizə göndərir

8. Brauzer istədiyiniz veb səhifəni kompüterinizin ekranında göstərir.

kliyent və server dialoqu

PHP proqramlaşdırma dilinin üstünlükləri

İstifadəsi ödənişsizdir

PHP proqramlaşdırma dilindən istifadəyə görə heç kimə ödəniş etmək lazım deyil.

Veb tərtibat üçün nəzərdə tutulub

Digər proqramlaşdırma dillərindən fərqli olaraq, PHP ilk əvvəldən veb səhifələrin hazırlanması üçün nəzərdə tutulub. Bu o deməkdir ki, formadakı məlumatların işlənməsi və verilənlər bazasına müraciət kimi tipik məsələləri PHP vasitəsilə həll etmək daha asandır, yəni digər proqramlaşdırma dillərində olduğu kimi əlavə kitabxanalardan istifadəyə ehtiyac yoxdur.

Platformalararası dildir

PHP-ni Windows, Mac OS X, Linux və Unix-in bir çox versiyalarının idarəetməsi altında işləyən veb-serverdə istifadə etmək olar. Veb-serverdə əməliyyat sistemini dəyişmək məcburiyyətində olsanız belə PHP proqramlaşdırma dilində yazılmış heç bir proqramı dəyişdirməyə ehtiyac yoxdur.

Apache-ın PHP ilə birgə istifadə edilən ən geniş yayılmış veb-server hesab edilməsinə baxmayaraq, həmçinin nginx, Microsoft Internet Information Server (IIS) və ya CGI standartını dəstəkləyən istənilən digər veb-serverdən istifadə etmək imkanı mövcuddur. Bundan başqa, PHP proqramlaşdırma dili MySQL, PostgreSQL, Oracle, Microsoft SQL Server, SQLite, Redis və MongoDB daxil olmaqla çoxlu sayda verilənlər bazası ilə normal qarşılıqlı əlaqə yaradır.

Geniş istifadə olunan dildir

Dünyada 200 milyondan çox sayt PHP proqramlaşdırma dilində hazırlanıb. Bu saytların arasında Facebook, Wikipedia, Tumblr, Slack, Yahoo və Vkontakte kimi nəhəng portallar da var.

4158 baxış

Şərhlər: