Codecourse

Əsas qaydalar

Redaktə edilib:

PHP teqleri

PHP proqramlaşdırma dilində yazılmış proqram <?php?> teqləri arasında yazılmalıdır. <?php?> teqlərindən kənar nə varsa PHP interpretatoru tərəfindən oxunmur. PHP proqramı bir neçə açılan və bağlanan teqlərdən ibarət ola bilər.

Bundan başqa, qısa yazılış sintaksisi mövcuddur:

<? ... ?>

Yalnız php.ini konfiqurasiya faylında short_open_tag direktivi aktiv (short_open_tag = on) olduqda qısa yazılış sintaksisindən istifadə mümkündür.

php.ini faylı – PHP-nin əsas tənzimləmələrini saxlayan mətn faylıdır.

Həmçinin <?php echo ifadəsinin qısa yazılışı mövcuddur: <?=. PHP 5.4.0 versiyasından etibarən <?= yazılışı short_open_tag direktivinin qiymətindən asılı olmayaraq işləyir.

İnstruksiyaların bir-birindən ayrılması

PHP proqramlaşdırma dilində operatorların sonunda nöqtəli vergül (;) qoyulmalıdır. Nöqtəli vergül (;) PHP interpretatoruna bir instruksiyanın bitməsini, digərinin isə başlanmasını bildirir. İnstruksiyalar arasında qoyulmuş istənilən sayda boşluq PHP interpretatoru tərəfindən oxunmur.

<?php
  echo 'Hello,'; echo ' World<br>';
  
  
  
  
  echo 'Hello, World';
?>

Nəticə:

Hello, World
Hello, World

PHP instruksiyalarının sonunda nöqtəli vergülün qoyulmaması geniş yayılmış səhvlərdən biridir.

Şərhlər

Şərhlər – kodun interpretator tərəfindən oxunmayan hissəsidir və sırf informasiya xarakteri daşıyır. Şərhlər proqramın işləmə xüsusiyyətlərinin digər şəxslərə izahı üçün lazımdır. Mənbə kodunda şərhlərdən istifadə istənilən proqramın vacib hissəsini təşkil edir. Siz proqramlaşdırdığınız zaman yazdığınız mənbə kodu həmin an tamamilə başadüşülən görünə bilər. Ancaq bir neçə aydan sonra yazdığınız koda dəyişiklik etmək lazım gəldikdə kodun işləmə məntiqi aydın olmaya bilər. Bu kimi hallarda şərhlər köməyimizə gəlir.

Şərhlər proqramın ilkin müəllifi olmayan, lakin koda dəyişikliklər etməli olan şəxslər üçün daha vacibdir.

PHP proqramlaşdırma dili "C", "C++" və "Unix" (Perl stili) stilində olan şərhləri dəstəkləyir.

<?php
echo 'Test'; // C++ stilində birsətirli şərh

/* Çoxsətirli şərh
   daha bir şərh sətri */
echo 'Daha bir test';
echo 'Sonuncu test'; # Unix stilində şərh
?>
179 baxış

Şərhlər: